“Ziyayi-Qafqaziyyə” qəzeti

Posted on

Ziya-Gazetesi

Ortaya çıxan problemlərdən dolayı “Ziya” qəzetinin 76 nömrəsi çıxdıqdan sonra “Ziyayi-Qafqaziyyə” başlığı ilə nəşr 1880-cı ilin dekabrından fəalliyətinə davam edir. “Ziya”nın başlığının dəyişdirilməsi yeni və fərqli məna güdməmiş, yalnız texniki məqsəd daşımışdır. Səid Ünsizadə bu məsələyə aydınlıq gətirərək “Ziyayi-Qafqaziyyə”nin birinci nömrəsində yazmışdı: “Litoqrafiyamız üçün təzə gətirdiyimiz həkkak və nəqqaş ustalarımız “Ziya”dan ötrü nəqş və nigah eylədikləri “Ziyayi-Qafqaziyyə” sərlövhəsini rədd eləməyi rəva görmədiyimizdən, beş aydan bəri qiyami-ətalətlə məsdur qalan “Ziya” qəzetimizi məzkur sərlövhə altında nəşr etməyə meyl olundu”.

Səid Ünsizadə “beş aydan bəri qiyami ətalətlə məsdər qalan” dedikdə heç də “Ziya”nın senzura tərəfindən bağlanmasını işarə etmirdi. Bəhs edilən məsələ Səid əfəndinin 1880-ci ilin ortalarında yeni çap maşını alması ilə bağlı idi. Belə ki, yeni maşının alınması, quraşdırılması və işə salınması bir neçə ay çəkmişdi ki, Səid əfəndi “beş ay” dedikdə bunu nəzərdə tuturdu.

Yeni mətbəənin quraşdırılması müddətində qəzetin nəşri redaktor tərəfindən müvəqqəti olaraq dayandırılmışdı. 30 Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlunun müddəasına görə, Səid Əfəndi ziyanın Qafqaza “Ziyayi-Qafqaziyyə”dən düşəcəyi fikri ilə qəzetin adında dəyişiklik etmişdir.

“Ziyayi-Qafqaziyyə” adı altında qəzetin cəmi 107 sayı işıq üzü gördü. Səid Ünsizadə Bakı əyalətinə qazı təyin edildiyi səbəbindən 1883-cü ilin yanvarın 22-də Tiflisi tərk edərək Şamaxıya qayıtdı. Naşir Şamaxıya köçdükdən sonra “Ziyayi-Qafqaziyyə” bir müddət Tiflisdə çap olundu. Bu işi onun oğlu Ağa əfəndinin həyata keçirilməsi barəsində də məlumatlar var. Həmçinin bu işdə Ağa əfəndiyə Ünsizadələrin yaxın qohumları İsmayıl bəy və Əbdürrəhim ağa köməklik göstərmişlər.

1883-cü ildə “Ziyayi-Qafqaziyyə” mətbəəsi və qəzet redaksiyası Şamaxıya köçürüldü, qəzetin Şamaxı dövrü başlandı. Qəzetin Şamaxıya köçürülməsi ilə bağlı Senzura Komitəsinin Səid Ünsizadəyə verdiyi şəhadətnaməsində yazılır: “Bu şəhadətnamə Qafqaz Senzura Komitəsindən Azərbaycan dilində həftəlik “Ziyayi-Qafqaziyyə” qəzetinin redaktornaşiri, Zaqafqaziya əhli təsənni ruhani idarəsinin üzvü Hacı Səid əfəndi Ünsizadəyə ona görə verilir ki, yuxarıda adıçəkilən qəzetin Senzura Komitəsində əvvəlcə nəzərdən keçirməklə onun nəşrinin Tiflisdən Bakı Quberniyasının Şamaxı şəhərinə köçürülməsinə komitə tərəfdən etiraz yoxdur”.

Şamaxıda qəzetin 11 nömrəsi çıxır və bununla da “Ziyayi-Qafqaziyyə” qəzeti bağlanır. Qafqaz Senzura Komitəsinin 1885-ci il hesabatında nəşri dayandırılmış qəzetlərdən bəhs edilərkən “Ziyayi-Qafqaziyyə”nin sonuncu nömrəsinin 1884-cü il iyun ayında çıxdığı yazılır. Qəzetin fəaliyyətinin dayandırılması səbəbi Bakı qubernatoruna göndərilən məktubda bəlli olur. Məktubda qeyd olunur ki, qəzetin çapı redaktor-naşirin maddi vəsaitinin olmaması səbəbindən dayandırılır. Səid Ünsizadənin özü də maddi vəziyyətinin ağırlığından dönə-dönə “Ziyayi-Qafqaziyyə”də bəhs etmişdi.

Qəzetin bağlanmasından bir neçə il keçdikdən sonra Səid Ünsizadə “Ziyayi-Qafqaziyyə”ni bərpa etməyə çalışmış, 1900-cu ildə bu istəklə Bakı qubernatoruna ərizə vermişdi. Lakin Bakı qubernatoru Səid əfəndinin xahişini rəsmi cavabla rədd edib. Dini dünyagörüşünə malik olan və qəzetin ideya istiqamətində islamçılığı başlıca qayə kimi götürən Hacı Səid əfəndi dövrünün ziyalıları, tanınmış xadimləri tərəfindən birmənalı şəkildə müsbət mənada qəbul olunmurdu.

Azərbaycan ədəbiyyatı tarixinin ilk tədqiqatçılarından olan, maarifpərvər ziyalı, publisist Firudin bəy Köçərli 1906-cı ildə qələmə aldığı məqalələrin birində “Ziya” qəzetinin müəyyən bir istiqamətə malik olmadığını, yaradıcılıq yükünün daha çox dini motivin materiallar təşkil etdiyini yazırdı. Firudin bəy Köçərlinin təhlilinə görə, qəzetdə mürtəce mahiyyət daşıyan materiallar, mütərəqqi mahiyyət 31 daşıyan məqalələrdən çox idi. (“Zaqafqaziya” qəzeti. 1 yanvar 1906-cı il).

Səid Əfəndi Ünsizadənin şəxsiyyəti, dünyagörüşü haqqında öz xatirələrində maraqlı fikirlər irəli sürən, milli publisistikamızın gözəl nümunələrini ortaya qoyan, istiqlalçı – yazar Ömər Faiq Nemanzadə isə fərqli yanaşma ortaya qoyur. Ömər Faiq Səid əfəndinin ruhani olmasına baxmayaraq, liberal dünyagörüşünə sahib olduğunu yazır.

“Ziya” və “Ziyayi – Qafqaziyyə” qəzetlərində İsmi Sədrəddinbəyov, Möhsün Qübbən, Qumri Dərbəndi, Məşədi Məhəmməd Şirvani kimi dini motivli yazılar yazan müəlliflər ilə yanaşı, dövrün açıq fikirli ziyalılarının da məqalələrinin çap olunması Ömər Faiqin fikirlərinə haqq qazandırır. Belə ki, qəzetin əsas əməkdaşları sırasında Həsən bəy Zərdabi, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Cəlal Ünsizadə, S.Vəlibəyov, Adolf Berje, A.O. Çernyayevski və M.Şaxtaxtlının adları var.

Dövrün mütərəqqi ziyalıları olan bu şəxslərin “Ziya” (“Ziyayi-Qafqaziyyə”nin) səhifələrində elmi, publisistik məqalələri çap olunur, onların düşüncələri oxuculara çatdırılırdı. Professor Fuad Qasımzadə də “Səid Ünsizadə köhnə ruhani təhsilli ziyalı kimi əsas yazıçı qüvvəsinin də ruhanilərdən təşkil olunduğu” fikrini qəbul etmir. “Ziya” (Ziyayi-Qafqaziyyə) qəzetinin nəşri ictimaiyyətin diqqətini daim özünə cəlb etmiş, dərc olunan materiallar müzakirə və mübahisələrə səbəb olmuşdu. Qəzet yeni ərəb əlifbasının islahatı məsələsində Mirzə Fətəli Axundovun fikirlərini tənqid edirdi.

Qəzetin 1883-cü ildə çıxan saylarının birində dərc olunan məqalədə deyilirdi ki, bizim məqsədimiz bəziləri kimi əlifbamızda dəyişikliklər etmək deyildir. Əksinə, biz həmin insanlara söyləmək istəyirik ki, öz fikirlərindən daşınsınlar. Müzakirələrə səbəb olan bu cür yazılar Tiflisdə nəşr olunan rusdilli mətbuat orqanlarının da diqqətini çəkmiş, mübahisə doğuracaq məqamlarla bağlı onların da reaksiyaları olmuşdur. Belə nümunələr kimi “Kavkaz” qəzetinin “Ziyayi-Qafqaziyyə”nin 1880-ci il 23 dekabr, 1881-ci il 5, 31 yanvar və 1 fevral tarixli sayı əsasında hazırladığı “XIX əsr Şamaxının görkəmli adamları” məqaləsini göstərmək olar.

“Ziya”nın rəsmi senzoru Melik Meqrabov idi və qəzeti çapa o imzalayırdı. Lakin qəzet Qafqaz Senzura Komitəsinin başqa senzorları V.Bezabrazov, həmçinin “Kavkaz” qəzetinin rəsmi əməkdaşlarının da nəzarəti altında çətinliklə işıq üzü görürdü. Senzorlar qəzet materiallarını nəşrədək baxışdan keçirərək “ziyanlı” yazıları başqa məqalələrlə əvəz etməyi tələb etdikləri halda, yaranan bu boşluğu “Kavkaz”ın əməkdaşları öz hazır məhsulları ilə doldururdular. Belə bir vəziyyyətdə “Ziya” (“Ziyayi-Qafqaziyyə”) çətinliklə nəşr olunurdu.

Hacı Səid Əfəndinin işi təkcə senzorlarla deyil, özünün də mənsub olduğu ruhani zümrəsinin təhdid və təzyiqlərini dəf etmək idi. 1879-cu ilin zilhiccə ayının 10-da Tiflisdə Qurban bayramı münasibətilə keçirilən mərasim barədə “Qurban bayramı” başlıqlı məqalə dərc edən “Ziya”nın ruhanilərlə uzun bir çəkişməsi başlayır. Mərasimdə xütbə oxuyan Əhməd Əfəndi barəsində məqalədə əksini tapmış “pis, xoşagəlməz səsə malik olub, özünü “xoş avaz sayan” ifadəsi kəskin etiraz doğurur. Ən böyük təşvişə düşən, məqalə barəsində etiraz edən isə şübhəsiz ki, Əhməd əfəndi və onun baş üzvü olduğu müfti idarəsi idi. Özünü təhqir olunmuş hesab edən Əhməd əfəndi müfti Hüseyn Əfəndi Qayıbova şikayət etməklə kifayətlənməmiş, Qafqaz canişinliyinin ruhani idarələri üzrə nəzarətçisi knyaz Çordcadzeyə də ərizə verib, tədbir görülməsini xahiş etmişdi. Əhməd əfəndi “Qurban bayramı” məqaləsini rus dilinə çevirib şikayət ərizəsinə əlavə etmişdir. Təhqir olunduğunu iddia edən Əhməd əfəndi özünün sonrakı danoslarında qeyd etdiyi kimi ruhani idarələri üzrə nəzarətçi onun şikayətinə laqeyd yanaşmış, Səid Ünsizadə cəzasız buraxılmışdı.

Səid Əfəndi Ünsizadənin çar rejimi tərəfindən təhdid olunması barəsində türk dünyasının böyük şəxsiyyəti, Atatürkün yaxın silahdaşı olan Yusuf Akçuralı “Türkçülüyün tarixi” əsərində məlumatlar verib. Yusuf Akçuralı türkçülük hərəkatının müxtəlif mərhələləri ilə bağlı araşdırmasına “Ünsizadələr mətbuatı” başlığı adı altında məlumatlar daxil edib. Bu yazıdan bəlli olur ki, Y. Akçuralı Səid və Cəlal əfəndi Ünsizadələri yaxından tanıyıb, onların düşüncələrinə bələd olmuşdur.

Səid Ünsizadənin Tiflisdən sonra Şamaxıya döndüyü bəlli olsa da, onun sonrakı taleyi, fəaliyyəti ilə bağlı hələlik dürüst məlumatlar yoxdur. Bəzi müəlliflər “Ziyayi-Qafqaziyyə” qəzetinin başlanmasına Səid Ünsizadənin 1884-cü ilin sonlarında vəfatı ilə əlaqələndirirlər ki, bu da yanlış məlumatdır. Yusuf Akçuralının “Türkçülüyün tarixi” əsərində Səid və Cəlal Ünsizadələrin “Ziyayi-Qafqaziyyə” qəzeti və “Kəşkül” dərgisi başlandıqdan sonra Qafqazdan Osmanlı dövlətinə mühacirət etdikləri əksini tapır. Y.Akçuralı yazır: “Alimlərdən Hacı Səid əfəndi Məclisi-Kəbiri-Maarif və Məclisi tədqiqata üzv təyin olunmuşdur. 1912-ci ildə öldü”. Səid Ünsizadənin “1900-1901-ci ildə pasportsuz, yəni qaçaq surəti ilə İstanbula getməyə məcbur olması” barədə Ömər Faiq Nemanzadə də öz xatirələrində məlumat verir

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma